Miqrenin əsas əlaməti təkrarlanan, döyüntülü baş ağrısı tutmalarıdır. Ağrı çox vaxt başın bir tərəfində olur, 4 saatdan 72 saata qədər davam edir və adi hərəkətdən güclənir. Ağrıya ürəkbulanma, işığa və səsə qarşı dözümsüzlük qoşulur.
Amma miqren təkcə ağrıdan ibarət deyil. Tutma bəzən ağrıdan bir gün əvvəl başlayır və ağrı keçəndən sonra da bir müddət hiss olunur. Bu məqalədə əlamətləri fazalara görə izah edirəm ki, öz tutmalarınızı tanıya biləsiniz.
Ağrının özü necə olur
Nevroloqlar miqreni beynəlxalq meyarlara görə təyin edir. Ağrı üçün dörd xüsusiyyətdən ən azı ikisi olmalıdır:
- başın bir tərəfində yerləşir (tərəf tutmadan tutmaya dəyişə bilər);
- döyüntülüdür, ürək vurğusu ilə ritmik hiss olunur;
- orta və ya güclü şiddətdədir, gündəlik işə mane olur;
- pilləkən qalxmaq, əyilmək, yerimək kimi adi hərəkətlərdən güclənir.
Bununla yanaşı ən azı biri olmalıdır: ürəkbulanma və ya qusma, yaxud həm işığa, həm səsə qarşı həssaslıq. Bu cür tutmalar ən azı beş dəfə təkrarlanıbsa, söhbət çox güman ki, miqrendən gedir.
Ağrıdan əvvəl: prodrom
Xəstələrin çoxu ağrıdan saatlar, bəzən bir-iki gün əvvəl dəyişiklik hiss edir. Ən çox rast gəlinən əlamətlər:
- tez-tez əsnəmək və səbəbsiz yorğunluq;
- boyun və çiyinlərdə gərginlik;
- əsəbilik və ya əksinə, ruh düşkünlüyü;
- şirniyyata və ya müəyyən yeməklərə güclü istək;
- tez-tez sidiyə getmək.
Bu əlamətləri tanımaq vacibdir. Məsələn, şokolad yeyəndən sonra tutma başlayıbsa, şokolad səbəb olmaya bilər: şirniyyata istəyin özü artıq başlamış tutmanın əlaməti ola bilər.
Aura
Miqreni olanların təxminən üçdə birində ağrıdan əvvəl və ya ağrı ilə birlikdə aura olur. Ən çox görmə aurası rast gəlinir: gözün qarşısında parıldayan ziqzaq xətlər, işıq ləkələri, görmə sahəsində yavaş-yavaş böyüyən kor nöqtə. Bəzən əldə, üzdə və dildə keyimə, danışmaqda çətinlik olur.
Auranın əlamətləri adətən 5–60 dəqiqə ərzində yavaş-yavaş yayılır və tam keçir. Əlamət birdən başlayıbsa, bir saatdan çox çəkirsə və ya bədənin bir tərəfində zəiflik varsa, bu aura olmaya bilər. Belə halda dərhal 103-ə zəng edin. Ətraflı: Auralı miqren.
Ağrıdan sonra: postdrom
Ağrı keçəndən sonra bir-iki gün halsızlıq, diqqəti toplamaqda çətinlik, başda ağırlıq qala bilər. Xəstələr bunu çox vaxt "miqren asması" adlandırır. Bu da tutmanın bir hissəsidir və həkimə danışarkən onu da qeyd etmək lazımdır.
Gərginlik tipli baş ağrısından fərqi
Ən çox qarışdırılan baş ağrısı gərginlik tiplidir. Onda ağrı başın hər iki tərəfində, sıxıcı olur, "baş halqa ilə sıxılır" kimi təsvir edilir, adətən yüngül və ya orta şiddətdə olur və hərəkətdən güclənmir. Ürəkbulanma olmur. Bir insanda hər iki növ eyni vaxtda ola bilər, ona görə müalicəni seçmək üçün hansı tutmanın hansı növ olduğunu ayırmaq lazımdır.
Nə vaxt həkimə müraciət etmək lazımdır
Miqren əlamətləri sizə tanış gəlirsə, diaqnozu nevroloq müayinə əsasında qoyur. Çox vaxt əlavə müayinə lazım olmur, amma həkim lazım bilsə MRT təyin edə bilər. Bu hallarda qəbulu təxirə salmayın:
- tutmalar ayda dörd dəfədən çox olur;
- ağrıkəsicini ayda on gündən çox qəbul edirsiniz;
- tutmaların xarakteri dəyişib və ya tezliyi artıb;
- baş ağrısı 50 yaşdan sonra ilk dəfə başlayıb.
Qəbula gələndə son bir-iki ayın tutmalarını yazdığınız miqren gündəliyi diaqnozu xeyli asanlaşdırır.